“Adəm” Xeyriyyəçilər Assosiasiyası İctimai Birliyi (XAİB) 1999-cu ilin dekabr ayında dövlət qeydiyyatından keçmiş və yarandığı gündən etibarən Azərbaycan cəmiyyətinin sosial, mədəni və humanitar inkişafına töhfə verən aparıcı QHT-lərdən biridir. Təşkilatımız Milli QHT Forumunun və BMT-nin Resurs Mərkəzinin üzvüdür.
25 ildən artıq fəaliyyət dövründə Assosiasiya özünü etibarlı bir xeyriyyəçi təşkilat kimi təsdiq etmiş, müxtəlif sahələri əhatə edən 75-dən çox uğurlu layihə həyata keçirmişdir.
Sosial Müdafiə və Himayəçilik
Təşkilatımızın fəaliyyətinin əsas istiqamətlərindən biri cəmiyyətin həssas təbəqələrinə dəstək olmaqdır. Bu müddət ərzində:
- Üç uşaq müəssisəsinə daimi himayədarlıq edilmişdir;
- Milli Paralimpiya komandasının üzvlərindən olan 5 idmançı himayəyə götürülmüşdür;
- 20 nəfər 1-ci və 2-ci dərəcəli əlilliyi olan şəxs daimi himayədarlığa qəbul edilmişdir.
Mədəniyyət və Tarixi İrsin Qorunması
Assosiasiyamız milli-mədəni irsin qorunması və təbliği sahəsində də mühüm layihələrə imza atmışdır:
- İsmayıllı rayonunun İvanovka kəndində Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsait hesabına tikilmiş orta məktəbin qarşısında Ulu Öndər Heydər Əliyevin və Nikolay Nikitinin büstü tərəfimizdən hazırlanaraq quraşdırılmışdır.
- Nəşriyyat fəaliyyəti: Dahi Nizaminin Misir Ərəb Respublikasının “Xdiviyyə” kitabxanasına təqdim olunan yeganə əlyazmasının “Divan-Nizami” adlı kitabını nəşr etdirmişik. Həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş professor R. İmraniyin “Muğam fəlsəfəsi” və təbrizli rəssam M. C. Mehdiyevin “Saz məktəbi” kitabları işıq üzü görmüşdür.
Bu nəşrlərdən əldə edilən gəlir Milli Paralimpiya komandasının üzvləri üçün idman-məşq zalının təmirinə yönəldilmişdir.
Sosial Sahibkarlıq və İdman İnteqrasiyası
Təşkilatımız sosial inteqrasiya və dayanıqlı inkişaf istiqamətində mühüm addımlar atmışdır:
- Xalça istehsalı sexi fəaliyyətə başlamışdır. Bu sex əlilliyi olan və aztəminatlı ailələrdən olan qadınlar üçün yaradılmışdır. Hal-hazırda sexdə 9 əlilliyi olan, 30-a yaxın keçmiş qaçqın və aztəminatlı ailədən olan qadın çalışır.
- Həmin sexdə Pekin Olimpiadasında medal qazanmış idmançılarımızın simalarını əks etdirən 2 ədəd (3×4 m) xalça toxunaraq Olimpiya və Paralimpiya muzeylərinə hədiyyə edilmişdir.
Kütləvi Tədbirlər və Mədəniyyət Təşəbbüsləri
Assosiasiya Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirak edir:
- Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, professor və Assosiasiyamızın birinci vitse-prezidenti olmuş Ramiz Əzizbəyovun yubiley gecələri 2014-cü və 2019-cu illərdə Heydər Əliyev Sarayında təşkil edilmişdir.
- Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi münasibətilə 2015-ci il oktyabrın 21–22-də Dövlət Akademik Milli Dram Teatrı və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dövlət əhəmiyyətli tədbirlər keçirilmiş, “Gülüstan” poeması səhnələşdirilərək geniş tamaşaçı auditoriyasına təqdim olunmuşdur.
İctimai Sağlamlıq və Ekoloji Layihələr
Assosiasiyamızın fəaliyyətində ictimai sağlamlıq və ətraf mühit məsələləri də xüsusi yer tutur:
- 2014-cü ildə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ermənilərin Azərbaycan və sərhədyanı ərazilərdə törətdiyi ekoloji terrorla bağlı layihə həyata keçirilmişdir.
- 2015-ci ildə QHT Şurasının dəstəyi ilə “Hepatit C, Hepatit B səssiz təhlükə” – “Genefondumuza zərbə!” adlı geniş sosial-media təbliğat kampaniyası icra edilmişdir.
Tərəfdaşlıq və Birgə Layihələr
İndiyədək keçirdiyimiz 75 uğurlu layihədən:
- 9-u Respublika Ağsaqqallar Şurası ilə birlikdə;
- 22-si isə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyası ilə birlikdə həyata keçirilmişdir.
“Adəm” Xeyriyyəçilər Assosiasiyası olaraq, bundan sonra da dövlətimizin qayğısına layiq görülən bütün sahələrdə fəaliyyətimizi davam etdirəcək, ölkəmizin inkişafına töhfə verməkdən qürur duyacağıq.
Dərin hörmətlə,
“Adəm” Xeyriyyəçilər Assosiasiyası İctimai Birliyinin sədri
Nicat Əsgərov
