“Adəm” Xeyriyyəçilər Assosiasiyası İctimai Birliyi (XAİB) 1999-cu ilin dekabr ayında dövlət qeydiyyatından keçmiş və yarandığı gündən etibarən Azərbaycan cəmiyyətinin humanitar inkişafına töhfə verən aparıcı QHT-lərdən biridir. Təşkilatımız Milli QHT Forumunun və BMT-nin Resurs Mərkəzinin üzvüdür.
Missiya və Fəaliyyət İstiqamətləri
25 ildən artıq fəaliyyət dövründə Assosiasiya özünü etibarlı bir xeyriyyəçi təşkilat kimi təsdiq etmişdir. Əsas missiyamız cəmiyyətin həssas təbəqələrinə, o cümlədən əlilliyi olan şəxslərə, kimsəsiz uşaqlara və aztəminatlı ailələrə dəstək olmaqdır. Bu müddət ərzində üç uşaq müəssisəsinə, Milli Paralimpiya komandasının beş idmançısına, həmçinin 20 nəfər 1-ci və 2-ci dərəcəli əlilliyi olan şəxsə daimi himayədarlıq etmişik.
Mədəniyyət və Tarix Sahəsində Təşəbbüslər
Assosiasiyamız milli-mədəni irsin qorunması və təbliği sahəsində də mühüm layihələrə imza atmışdır:
- İsmayıllı rayonunun İvanovka kəndində Ulu Öndər Heydər Əliyevin və Nikolay Nikitinin büstləri tərəfimizdən hazırlanaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş orta məktəbin qarşısında ucaldılmışdır.
- Dahi Nizaminin Misir Ərəb Respublikasının “Xdiviyyə” kitabxanasında saxlanılan “Divan-Nizami” əlyazmasının kitabını nəşr etdirmişik.
- Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş professor R. İmraniyin “Muğam fəlsəfəsi” və təbrizli rəssam M. C. Mehdiyevin “Saz məktəbi” kitablarını işıq üzü görmüşdür.
Bu nəşrlərdən əldə edilən vəsait Milli Paralimpiya komandasının üzvləri üçün idman-məşq zalının təmirinə yönəldilmişdir.
Sosial Sahibkarlıq və İdman İnteqrasiyası
Təşkilatımız sosial inteqrasiya istiqamətində mühüm addımlar atmışdır:
- Əlilliyi olan və aztəminatlı ailələrdən olan qadınlar üçün xalça istehsalı sexi fəaliyyətə başlamışdır. Hal-hazırda bu sexdə 9 əlilliyi olan, 30-a yaxın keçmiş qaçqın və aztəminatlı ailədən olan qadın çalışır.
- Həmin sexdə Pekin Olimpiadasında medal qazanmış idmançılarımızın simalarını əks etdirən iki ədəd (3×4 m) xalça toxunaraq Olimpiya və Paralimpiya muzeylərinə hədiyyə edilmişdir.
Tədbirlər və Kütləvi Layihələr
Assosiasiya Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirak edir:
- Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, professor və Assosiasiyamızın birinci vitse-prezidenti olmuş Ramiz Əzizbəyovun yubiley gecələri 2014-cü və 2019-cu illərdə Heydər Əliyev Sarayında təşkil edilmişdir.
- Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi münasibətilə Dövlət Akademik Milli Dram Teatrı və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dövlət əhəmiyyətli tədbirlər keçirilmiş, “Gülüstan” poeması səhnələşdirilmişdir.
Qrant Layihələri və Sosial Təbliğat
Assosiasiyamızın fəaliyyətində ictimai sağlamlıq və ətraf mühit məsələləri də xüsusi yer tutur:
- 2014-cü ildə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ermənilərin Azərbaycan və sərhədyanı ərazilərdə törətdiyi ekoloji terrorla bağlı layihə həyata keçirilmişdir.
- 2015-ci ildə QHT Şurasının dəstəyi ilə “Hepatit C, Hepatit B səssiz təhlükə” – “Genefondumuza zərbə!” adlı geniş sosial-media təbliğat kampaniyası icra edilmişdir.
Tərəfdaşlıq və Uğur
İndiyədək keçirdiyimiz 75 uğurlu layihənin 9-u Respublika Ağsaqqallar Şurası, 22-si isə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyası ilə birgə reallaşdırılmışdır.
“Adəm” Xeyriyyəçilər Assosiasiyası olaraq, bundan sonra da dövlətimizin qayğısına layiq görülən bütün sahələrdə fəaliyyətimizi davam etdirəcək, ölkəmizin inkişafına töhfə verməkdən qürur duyacağıq.
